Progressive Web Apps (PWA) mobil tətbiqlərin sonudur?

Progressive Web Apps (PWA) mobil tətbiqlərin sonudur?

Mobil cihaz istifadəsinin günü gündən artdığı dünyamızda hər bir StartUp sahibi mobil tətbiqinin olmamasını özünə böyük dərd sayır. Maliyyətinin yuxarı olması səbəbindən mobil tətbiq hazırlaya bilmir və buna görə də məhsulu daha az kütləyə xitab edir. Elə bu mərhələdə Progressive Web Apps (PWA)  texnologiyası ortaya çıxır. Yeni bir texnologiya olan PWA 2 ildir ki, yayğın şəkildə istifadə olunmağa başlayıb. Bu texnologiyanın avantajlarını anlayan yeni şirkətlər mobil tətbiq yerinə veb saytlarını PWA-ə əsasən hazırlayır, beləliklə veb saytları hər bir mobil cihazda, tabletdə sanki mobil tətbiqmiş kimi görünür və istifadəçiyə elə bir hiss yaşadır. Gəlin birlikdə bu yeni texnologiyaya yaxından baxaq.

Progressive Web Apps (PWA) nədir?

Progressive Web Apps (PWA) xüsusi bir kodlaşdırma ilə yazılan və veb sayların mobil tətbiq kimi, hətta oflayn vəziyyətdə istifadə edilməsinə yarayan texnologiyadır. Bu texnologiyanın istifadəsi üçün istifadəçinin cihazında son versiya bir brauzer olması kifayət edir. İstifadəçidən başqa bir tələbi olmayan bu texnologiya, istehsalçı üçün də aşağı maliyyə tələb edir. Bu göstəricilərə baxdıqda bir mobil tətbiq hazırlamaqdansa, PWA daha məntiqli görünür. Bu, hərkəs üçün olmasa da, əksəriyyət üçün belədir.

Progressive Web Apps (PWA) avantajları nələrdir?
  • Yükləmə gərəkmir – Brauzer əsaslı işlədiyi üçün əlavə yükləmə tələb etmir.
  • Çevikdir – Hər platformada çalışa bilir: masaüstü, mobil, tablet və hətta gələcəkdə istehsal ediləcək brauzer dəstəkləyən bütün cihazlar.
  • İnternet sürətinin təsiri azdır – Lokal yaddaşda fayllar saxladığı üçün aşağı internet sürəti ilə də işləyə bilir.
  • Mobil tətbiq hissi verir – Yenə də lokal yaddaşda saxlandığı üçün sürətli olur, hər ekrana uyğun hazırlandığı üçün isə görüntü baxımından mobil tətbiqdən geri qalmır.
  • Tez yenilənir – “Service worker” texnologiyası ilə daim və sürətli yenilənə bilir.
  • Güvənlidir – Başqa şəxslərin müdaxilələrinin qarşısını almaq üçün ancaq HTTPS protokolu ilə işləyir.
  • Asan “index”lənir – W3C standartlarına uyğun olduğu üçün axtarış sistemləri birbaşa bütün səhifələri “index”-ləyə bilir.
  • İnteqrasiyaya imkan verir – Hər hansı bir bildiriş sistemi vəya digər xidmətlərin inteqrasiyası ilə tam mobil tətbiq funksionallığında hazırlamaq olur.
  • Ana ekrana əlavə edilir – Heç bir yükləmə gərəkmədən istifadəçi icazəsi ilə ana ekrana əlavə edilir və brauzerə daxil olmadan birbaşa PWA açılır.
  • Paylaşıla bilir – Qarışıq alqoritmalara gərək qalmadan tək kliklə URL şəklində paylaşıla bilir.
Progressive Web Apps (PWA) mobil dünyada yeni standart olacaq?

Google hər il mobil və web-də daha yaxşı bir axtarış sistemi qurmaq üçün yeni texnologiyalara böyük yatırımlar edir, bunlardan biri də Progressive Web Apps (PWA) texnologiyasıdır. PWA mobil brauzer üzərindən istifadəçi üçün sürətli, təhlükəsiz və cəlbedici bir təcrübə yaratmağı qarşıya əsas məqsəd qoyur. Bir Google mühəndisi olan Alex Russell belə deyir: “PWA, Veb dünya və mobil tətbiqlər arasındaki çizgini bulanıqlaşdırır, ancaq Veb’in güclü tərəflərini özündə saxlayır.”

PWA sistemi, kontenti “anında” yükləmək üçün hazırlanmışdır. O, brauzerdən gələn istəkləri “Xidmət Çalışanı” (service workers) olaraq bilinən bir əmr faylı ilə yönləndirərək reallaşdırır. PWA həm də, istifadəçi davranışlarını izləyə, beləliklə hər istifadəçinin öz maraqlarına uyğun kontenti onlara göstərə bilir.

PWA bir veb saytdakı məlumatların hamısını cihazın yaddaşında saxlayır və bir tətbiq qabığı (mobil tətbiq bənzəri bir vasitə) formalaşdıraraq orada göstərir. Bu da sürət baxımından çox böyük avantajlar yaradır.

Bunlara əsasən demək olar ki, yeni bir texnologiya olan PWA indi olmasa da, bir neçə il sonra çox yayğın olaraq istifadə ediləcək. Bunu böyük şirkətlərin bu sahəyə etdiyi yatırımlardan da görmək olar. Lakin öz layihəniz üçün ən doğru qərarı yenə də özünüz verəcəksiniz. Yaxın günlərdə bu texnologiya ilə hazırladığım bir platformanı sizə təqdim edəcəyəm. Real nümunə bu yolda qərar verməyinizi daha da asanlaşdırar.

Bəs siz öz StartUp-ınız üçün mobil tətbiq hazırlayacaqsınız yoxsa PWA?

Nail Seyidov

Xal vermək üçün klik edin!
[Ümumi: 0 Ortalama: 0]

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir